Hər yerində oturan dura bilərmi?

29 İyun, 2020

Deyir ki, vaxt var idi, çayı Hindistandan gətirirdilər. Bir də bizim vaxtı böyük danışan yerdə balacalar dinməzdilər. Danışmaq demişkən, bu gün bölüşmək istədiyim mövzu məhz odur - danışmaq və paylaşmaq barədə. 

Son illər sosial şəbəkələrdə bu tip postlar tez-tez qarşıma çıxırki, bəs hər yerindən duran təlim verir, iki kitab oxuyan kitab yazır, 5 söz bilən ingilis dili öyrədir, 3-5 paltarı olan influencer olur.  Hələ mən kouçları demirəm -  layf kouç, nəfəs kouçu, həyat kouçu və s və i :)

Çox vaxt narazıçılıq onunla bağlıdır ki, yerindən duran şəxs (oxu - paylaşan) o sahə üzrə fəaliyyət göstərmək üçün lazım olan baracıq, bilik və təcrübəyə malik deyil. Hərşeyşünasdır, misal üçün.

Bu məsələni mən iki hissəyə bölmək istərdim:

1) Bəzi sahələrdə background (zəmin, təcrübə) şərtdir və onun olmaması təhlükəlidir - psixoloqlar, həkimlər və s. və burada baltanız iti ola bilər.

2) Lakin hər sahədə bu lazımdırmı? Yox. Demək ki, digər sahələr də var haradaki bu lazım deyil. Burada baltanı çıxarmamışdan əvvəl tələsməyin. Əgər insanların fəaliyyəti bir təhlükə daşımırsa, qoy danışsınlar, bölüşsünlər. Ortada nə isə səhv olsa, onsuzda adamlar onu anlayacaq. Necə?

Qriboyedovun "Ağıldan bəla" (Горе от ума) əsərində əsas qəhraman olan Çatskiyin istifadə etdiyi bir cümlə var "Bəs hakim kimdir?" Düşünürəm ki, kapitalizm dövründə yaşadığımız üçün burada hakim və tərəzi sahibi məhz xalq və ya müştərinin özüdür. Ruslar demiş, güclə (məcburi) özünü istədə bilməzsən və ona görə də yaxşı nəticə göstərə bilməyən şəxslər sadəcə aradan çıxacaq. Niyə? Çünki əsl brendi brend edən nəticələrdir, hansı sahədə olursa olsun. İnsanlar gec də olsa haqla nahaqı ayırd edə bilirlər. 

Filmlərimizin birində deyildiyi kimi, gəlin, çılpaq danışaq (dalaşaq yox) - onsuzda bizim baltalamaq, tənqid etmək və pisləmək bacarıqlarımız tərifləmək, dəstək olmaq bacarıqlarımızı qat-qat üstələyir. Yaxşı dost sadəcə dar gündə yox, həm də yaxşı gündə bilinir. Ən sevdiyim filmdə Farhan deyir ki, " Bu gün biz insan davranışı barədə bir şey öyrəndik. Əgər dostun yıxılırsa, sən özünü pis hiss edirsən. Lakin sən də iştirakçı olduğun yarışda dostun birinci gəlirsə, özünü daha da pis hiss edirsən". Ona görə də çox da şey etməyək. 

Yaxşı...səmimi olsaq bəzi insanlar məndə də qıcıq hissi yaradır, lakin mən tərəziyə inanıram. Qoy hər oturub və qalxmaq istəyən dursun. Açıq bazar olduğundan satıcı da azaddır,  alıcı da.

P.S Maraqlısı bilirsiniz nədir? Məsələnin digər bir tərəfi var: konsultasiya və mentorluq etdiyim şəxslər "Bu qədər təcrübən var, bəlkə paylaşasan" deyəndə düşmən görmüştək gizlənirlər.  "Saxtakarlıq sindromu" ("синдром самозванца") deyilən bu fenomen barədə növbəti yazılarımda toxunmağa çalışacam.

Share Post :